Böyük Britaniya qlobal neft ehtiyatlarının bazara çıxarılmasını dəstəkləyir
Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz bildirib ki, İranla yaşanan münaqişə fonunda beynəlxalq neft ehtiyatlarının bazara çıxarılmasını dəstəkləməyə hazırdırlar
Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz bildirib ki, İranla yaşanan münaqişə fonunda beynəlxalq neft ehtiyatlarının bazara çıxarılmasını dəstəkləməyə hazırdırlar.
Nazir İcmalar Palatasında millət vəkilləri qarşısında çıxışı zamanı G7 ölkələrinin maliyyə nazirləri ilə mövcud vəziyyəti müzakirə etdiyini qeyd edib. O, vurğulayıb ki, zərurət yaranacağı təqdirdə, Böyük Britaniya Beynəlxalq Enerji Agentliyinin (BEA) təcili neft ehtiyatlarından istifadə təşəbbüsünə qoşula bilər.
Reyçel Rivz Yaxın Şərqdəki gərginliyin Böyük Britaniyada qiymətlərə təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib. O, bildirib ki, mövcud vəziyyət ölkədə inflyasiya təzyiqinin artmasına səbəb ola bilər.
Nazir qeyd edib ki, hökumət fəaliyyətə başladığı vaxtdan yanacaq xərclərini tənzimləmək üçün bir sıra tədbirlər görüb. Bununla belə, hələlik yeni iqtisadi plan açıqlanmayıb.
Bundan əlavə, maliyyə naziri Reyçel Rivz Britaniyanın regiondakı hərbi əməliyyatları üçün əlavə vəsait ayrılacağını təsdiqləyib. O bildirib ki, “Soyuq müharibə” dövründən bəri müdafiə xərclərində ən böyük artımı təmin edən nazir olmaqdan qürur duyur.
Rivz qeyd edib ki, Müdafiə Nazirliyi Yaxın Şərqə əlavə qüvvə göndərmək üçün xüsusi büdcə ehtiyatlarından istifadə edə biləcək.
Hazırda İran tərəfindən faktiki olaraq bağlanmış Hörmüz boğazı qlobal enerji təhlükəsizliyi üçün kritik əhəmiyyət kəsb edir.
Fars körfəzini Ərəbistan dənizi ilə birləşdirən bu strateji su yolu qlobal enerji bazarı üçün həyati əhəmiyyət kəsb edir. Hər gün bu boğaz vasitəsilə təxminən 20 milyon barel neft daşınır ki, bu da dünyada dəniz yolu ilə daşınan xam neftin böyük bir hissəsidir.
Yükdaşımaların dayanması ixracatçıları yeni yollar tapmağa məcbur edir və kənd təsərrüfatı üçün vacib olan gübrə xammalının daşınmasına ciddi əngəl törədir. Bu vəziyyət yanacaq və daşınma xərclərini artırmaqla yanaşı, qlobal qida təminatında çətinliklər yaradır. Nəticədə, dünya bazarında ərzaq qiymətlərinin kəskin bahalaşması təhlükəsi yaranır.