Marko Rubio Talibanı ABŞ vətəndaşlarını dərhal azad etməyə çağırdı
ABŞ-nin dövlət katibi Marko Rubio Əfqanıstanın “Qanunsuz həbs siyasətini tətbiq edən dövlət” siyahısına daxil edildiyini elan edib
ABŞ-nin dövlət katibi Marko Rubio Əfqanıstanın “Qanunsuz həbs siyasətini tətbiq edən dövlət” siyahısına daxil edildiyini elan edib.
Marko Rubio bildirib ki, Taliban şəxsləri fidyə toplamaq və ya siyasi güzəştlər əldə etmək məqsədilə qaçıraraq terror taktikalarından istifadə edir və bu “alçaq hərəkətlərə” dərhal son qoyulmalıdır.
Qərar ABŞ və digər ölkə vətəndaşlarının Əfqanıstanda qanunsuz saxlanılması barədə daxil olan çoxsaylı məlumatlardan sonra qəbul olunub.
Dövlət katibi həmçinin vurğulayıb ki, Əfqanıstan hələ də amerikalılar üçün yüksək riskli zona olaraq qalır və Talibanın ədalətsiz həbs praktikasına görə ölkəyə səyahət təhlükəlidir.
Marko Rubio Taliban rəhbərliyini Dennis Koyl, Mahmud Həbibi və digər qanunsuz həbs edilən ABŞ vətəndaşlarını dərhal azad etməyə çağırıb. O, Kabilin “girov diplomatiyası” təcrübəsindən tamamilə imtina etməsinin vacibliyini də qəti şəkildə qeyd edib.