Azərbaycan və Ermənistan ticarət əlaqələrini genişləndirmək barədə razılığa gəliblər

Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən yayılan bəyanatda tərəflərin ötən ilin avqustunda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilmiş görüşün nəticələrinin icrasında əldə olunan irəliləyişi alqışladıqları bildirilib

By
Azərbaycan və Ermənistan ticarət əlaqələrini genişləndirmək barədə razılığa gəliblər / Anadolu Agency

Fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən danışıqlardan sonra rəsmi Bakı və İrəvan ikitərəfli ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdırmaq barədə razılığa gəliblər.

Danışıqlardan sonra Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən yayılan bəyanatda tərəflərin ötən ilin avqustunda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilmiş görüşün nəticələrinin icrasında əldə olunan irəliləyişi alqışladıqları bildirilib.

Bəyanatda Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması prosesində ikitərəfli əsasda müsbət dinamikanın qorunmasının vacibliyi vurğulanıb.

Qeyd olunub ki, tərəflər ikitərəfli ticarətin bərpasından, Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, eləcə də üçüncü ölkələrdən Ermənistana taxıl və digər yüklərin Azərbaycan ərazisi vasitəsilə tranzitindən məmnunluqlarını ifadə ediblər.

Həmçinin bildirilib ki, tərəflər ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların araşdırılması, QHT nümayəndələrinin qarşılıqlı səfərlərinin təşviqi və etimad quruculuğu tədbirlərinin genişləndirilməsi barədə razılığa gəliblər.

Bəyanatda İlham Əliyev və Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın təşəbbüsü olan “Beynəlxalq Sülh və Rifaha Doğru Yol” (TRIPP) layihəsi və onunla əlaqəli digər təşəbbüslərin icrasını da müzakirə etdikləri qeyd olunub.

Tərəflər ölkələri arasında sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığı davam etdirmək niyyətlərini bir daha təsdiqləyib və normallaşma prosesinə dəstək vermək üçün təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Əbu-Dabidə keçirilən danışıqların nəticələri ilə bağlı oxşar bəyanat Ermənistan Nazirlər Kabineti tərəfindən də yayımlanıb.

Xatırladaq ki, avqustun 8-də Nikol Paşinyan, İlham Əliyev və Donald Tramp arasında Ağ Evdə keçirilən üçtərəfli görüşdə tərəflər onilliklərdir davam edən münaqişəyə son qoymaq, hərbi əməliyyatları dayandırmaq, nəqliyyat əlaqələrini bərpa etmək və münasibətləri normallaşdırmaq barədə bəyannamə imzalayıblar.

Bəyanata əsasən, TRIPP layihəsi Azərbaycanı Ermənistan ərazisi vasitəsilə Naxçıvanla birləşdirməyi nəzərdə tutur.

Son həftələrdə Azərbaycan Ermənistana yerli istehsal olan neft məhsullarının bir neçə partiyasını göndərib. İlk belə daşınma dekabrın sonunda həyata keçirilib. Bu addımlar Cənubi Qafqazın iki qonşu ölkəsi arasında uzunmüddətli münaqişədən sonra münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərdən biri kimi qiymətləndirilir.