R.T.Ərdoğan D.Trampın Qəzza ilə bağlı göstərdiyi səyləri yüksək qiymətləndirib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın Qəzzada atəşkəsin təmin olunması üçün göstərdiyi səyləri yüksək qiymətləndirib

R.T.Ərdoğan D.Trampın Qəzza ilə bağlı göstərdiyi səyləri yüksək qiymətləndirib / AP Archive

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın Qəzzada atəşkəsin təmin olunması üçün göstərdiyi səyləri yüksək qiymətləndirib. O, Trampın mühasirə altındakı bölgədə qan tökülməsinin qarşısını almaq və atəşkəsə nail olmaq üçün göstərdiyi səyləri və liderliyini alqışladığını bildirib. Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə tərəflərin qəbul edəcəyi ədalətli və davamlı sülhün bərqərar olması prosesinə töhfə verməyə davam edəcək.

Bu açıqlama Donald Trampın Vaşinqtonda Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransından sonra verilib.

Donald Tramp mətbuat konfransında B.Netanyahunun Fələstin dövlətinin yaradılmasına qarşı olduğunu açıq şəkildə ifadə etdiyini və onun bu mövqeyini başa düşdüyünü deyib.

Qeyd edək ki, Donald Tramp Qəzzada atəşkəsin təmin olunmasını nəzərdə tutan planın əsas detallarını ictimaiyyətə təqdim edib. Təklifə ‘‘Həmas’’ın tərksilah edilməsi və israilli əsirlərin azad olunması daxildir.

İsrailin hərbi əməliyyatları nəticəsində Qəzzada indiyədək əksəriyyəti qadın və uşaq olmaqla 66 mindən çox fələstinli həlak olub. Hücumlar bölgənin böyük hissəsini xarabalığa çevirib, demək olar ki, bütün əhali evlərini tərk etməyə məcbur qalıb.