Volodimir Zelenski Əbu-Dabidə keçirilən danışıqları qiymətləndirib

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, rəsmi Kiyev, Moskva və Vaşinqton arasında təxminən dörd illik müharibəyə həll yolu tapmaq üçün Əbu-Dabidə keçirilən danışıqlar davam edir

By
Volodimir Zelenski Əbu-Dabidə keçirilən danışıqları qiymətləndirib / Reuters

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, rəsmi Kiyev, Moskva və Vaşinqton arasında təxminən dörd illik müharibəyə həll yolu tapmaq üçün Əbu-Dabidə keçirilən danışıqlar davam edir. Bu çərçivədə Ukrayna "yaxın gələcəkdə" Rusiya ilə növbəti əsir mübadiləsinin baş tutacağını gözləyir.

Volodimir Zelenski Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən üçtərəfli danışıqlar, eləcə də Ukrayna və ABŞ rəsmiləri arasındakı ikitərəfli məsləhətləşmələr barədə məlumat aldığını qeyd edib.

"Bu gün danışıqların ilkin nəticələrini müzakirə etdik. Müzakirələr sabah da davam edəcək. Yaxın vaxtlarda əsir mübadiləsinin reallaşacağını gözləyirik. Əsirlərimiz evlərinə qayıtmalıdırlar", — deyə Volodimir Zelenski vurğulayıb.

Ukrayna lideri mübadilənin vaxtı və miqyası barədə ətraflı məlumat verməyib.

Rusiya və Ukrayna sonuncu dəfə 2025-ci il oktyabrın 2-də İstanbulda əldə olunan razılaşma çərçivəsində əsir mübadiləsi həyata keçiriblər.

Əbu-Dabidə keçirilən üçtərəfli danışıqların ikinci raundu fevralın 4-də başlayıb. Danışıqlar bu gün də davam edib. Məsləhətləşmələrin ilk mərhələsi isə yanvarın 23-24-də ABŞ-ın iştirakı ilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında baş tutmuşdu.

Rəsmi Kiyev və Vaşinqton bu görüşləri "konstruktiv" adlandırsa da, Moskva prosesin müsbət başladığını, lakin "əhəmiyyətli işlərin" hələ qarşıda olduğunu etiraf edib.

Danışıqlar hələlik genişmiqyaslı irəliləyişlə nəticələnməsə də, mümkün əsir mübadiləsi on minlərlə insanın həlak olduğu və milyonlarla insanın yurd-yuvasından didərgin düşdüyü bu münaqişə fonunda mühüm humanitar addım hesab olunur.