Marko Rubio və Sergey Lavrov Ukrayna məsələsini müzakirə ediblər

Görüş Ukraynanın Rusiya aviabazalarına misli görünməmiş hücumundan sonra baş tutub

/ REUTERS

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio Ukraynadakı münaqişənin həlli perspektivlərini, həmçinin bu gün Türkiyədə keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqlarını müzakirə ediblər.

Bildirilib ki, S.Lavrov və M.Rubio Ukrayna böhranının həlli ilə bağlı müxtəlif təşəbbüslər, o cümlədən iyunun 2-də İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarının bərpası planları ətrafında fikir mübadiləsi aparıblar.

ABŞ Dövlət Departamenti görüşün Rusiyanın təşəbbüsü ilə baş tutduğunu açıqlayıb. Məlumatda qeyd olunub ki, Marko Rubio söhbət zamanı ABŞ prezidenti Donald Trampın Rusiya və Ukrayna arasında birbaşa danışıqların davam etdirilməsi çağırışını təkrarlayıb və bunun davamlı sülhə nail olmaq üçün zəruri olduğunu vurğulayıb.

Rusiya xəbər agentlikləri Ukraynanın sülh sazişi layihəsini Rusiyaya təqdim etdiyini bildiriblər.

TASS-ın məlumatına əsasən, Kreml sözçüsü Vladimir Medinski İstanbulda keçiriləcək danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək.

Məlumatda həmçinin qeyd olunub ki, Marko Rubio Rusiyanın iki rayonunda baş vermiş körpü partlayışları nəticəsində həlak olanlarla bağlı rusiyalı həmkarına başsağlığı verib.

Rusiya tərəfi bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən hərtərəfli araşdırma aparılacaq və nəticələr ictimaiyyətə açıqlanacaq. Günahkarlar müəyyən olunacaq və layiqli cəzanı alacaqlar.

Rusiya hakimiyyəti şənbə günü iki körpünün partladılması nəticəsində azı 7 nəfərin həyatını itirdiyini, 69 nəfərin isə yaralandığını bəyan edib.

Qeyd edək ki, tərəflər Ukraynanın Rusiya hava bazalarına misli görünməmiş hücumundan sonra görüşüblər.

Ukrayna hökumətinin rəsmisi ‘‘Reuters’’ agentliyinə verdiyi müsahibədə bildirib ki, Ukrayna Rusiya aviabazalarına edilən hücumla bağlı ABŞ-ı əvvəlcədən məlumatlandırmayıb.

Ukraynanın daxili kəşfiyyat təşkilatı SBU dörd bazaya edilən hücumların məsuliyyətini öz üzərinə götürdüyünü açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi isə bazalardakı təyyarələrin yandığını, amma yanğınların söndürüldüyünü bildirib.