Hörmüz boğazında yaranan fasilələr Türkiyəni etibarlı alternativ tranzit yol edir

Mütəxəssislər bildirirlər ki, tədarük riskləri davam edir, alternativ marşrutlar isə məhdud haldadır

By
Hörmüz boğazında yaranan fasilələr Türkiyəni yeganə etibarlı alternativ tranzit yol edir / Reuters

ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra Hörmüz boğazında yaranan faktiki daralma və qlobal enerji təchizatında baş verən fasilələr Türkiyəni alternativ tranzit marşrut kimi ön plana çıxarır.

Xəbər verildiyi kimi, Yaxın Şərqdə müharibə səbəbindən Hörmüz üzərindən dəniz nəqliyyatı və neft daşımaları ciddi şəkildə pozulub. Boğaz rəsmi olaraq bağlanmasa da, İran rəhbərliyi keçidlərə sərt məhdudiyyətlər tətbiq edib.

Bəzi ölkələrə məxsus gəmilərin keçidinə icazə verildiyi halda, digərlərinin yalnız müəyyən şərtlərlə keçə bilməsi regionda dəniz hərəkətinin normal axarından ciddi şəkildə kənara çıxmasına səbəb olub.

 

Hörmüzdən daşınan 15 milyon barel neft risk altındadır

Qlobal neft ticarətinin təxminən 20 faizinin keçdiyi Hörmüz boğazındakı gərginlik daşımaları əhəmiyyətli dərəcədə zəiflədib. Tanker hərəkəti kəskin şəkildə azalıb, bəzi günlərdə keçidlər tam dayanıb, ümumi trafik isə 90 faizdən çox azalıb.

Gündəlik təxminən 15 milyon barel xam neftin daşınması risk altına düşüb. Artan sığorta xərcləri və təhlükəsizlik narahatlıqları daşımalar üzərində təzyiqi daha da artırır.

Bu proseslər nəticəsində neftin qiyməti təxminən 70 dollardan 120 dollara yüksəlib, təbii qaz bazarında isə artım daha sərt olub. Avropanın etalon TTF müqavilələri təxminən 30 avro səviyyəsindən 60–70 avro aralığına qədər qalxıb.

Beynəlxalq Enerji Agentliyinə üzv ölkələrin fövqəladə ehtiyatlardan 400 milyon barel nefti bazara çıxarma qərarı təklifi dəstəkləsə də, regionda münaqişənin dərinləşəcəyi ilə bağlı narahatlıqlar səbəbindən bazarlarda dəyişkənlik davam edir.

Təbii qaz bazarında anbarlardan istifadənin artırılması, spot LNG təklifinin sürətləndirilməsi və tələbin idarə olunması kimi tədbirlər tətbiq edilsə də, davam edən tədarük riskləri qiymətlərin yüksək qalmasına səbəb olur.

 

Alternativ marşrutlar mövcuddur

Tədarük təhlükəsizliyi ilə bağlı narahatlıqların artması və mövcud tədbirlərin bazardakı dəyişkənliyi məhdudlaşdırmaqda yetərli olmaması Hörmüzdən asılılığı azaltmaq üçün alternativ marşrut axtarışını sürətləndirib.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2025-ci ildə Hörmüzdən gündəlik təxminən 20 milyon barel neft keçib.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri üzərindən Hörmüzü yan keçən boru kəmərlərinin ümumi həcmi gündəlik 3,5–5,5 milyon barel səviyyəsində qalır.

BƏƏ “Əbu-Dabi–Fuceyrə” xətti vasitəsilə gündəlik təxminən 1,1 milyon barel ixrac edir və əlavə olaraq 700 min barel həcmində ehtiyat həcmə malikdir.

Səudiyyə Ərəbistanında yerləşən “Şərq–Qərb” xam neft boru kəmərinin layihə gücü gündəlik 5 milyon bareldir. Mövcud istifadənin təxminən 2 milyon barel olduğu nəzərə alındıqda, əlavə həcmin 3–5 milyon barel arasında olduğu qiymətləndirilir.

Eyni marşrutda yerləşən və mayeləşdirilmiş təbii qaz məhsullarını daşıyan “Abkayk–Yenbu” xətti isə gündəlik təxminən 300 min barel ilə tam gücü ilə işləyir.

 

Qətər və İraqdan Türkiyəyə boru kəməri təklifləri

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, Kərkükdən Ceyhana uzanan İraq–Türkiyə xam neft boru kəmərinin gündəlik 1,5 milyon barel tutumu var və bu xəttin tam gücü ilə istifadə edilməsi mümkündür.

A.Bayraktar qeyd edib ki, İraqla yanaşı digər layihələr də gündəmdədir.

Qətər qazının boru kəməri vasitəsilə Türkiyəyə, buradan isə Avropaya daşınmasının əhəmiyyətinə diqqət çəkən A.Bayraktar bildirib ki, LNG obyektlərinin fəaliyyətinin dayanması və Hörmüzün istifadəyə yararsız hala gəlməsi kimi ssenarilərdə Türkiyə üzərindən keçən xətlər mühüm rol oynaya bilər.

Hörmüz alternativi olaraq neftin boru kəmərləri ilə Hataya daşınması da uzunmüddətli variantlar arasında qiymətləndirilir.

 

Türkiyə etibarlı enerji dəhlizidir

Neft üçün məhdud alternativlər mövcud olsa da, LNG bazarı daha həssas hesab olunur. Hörmüz bu sahədə hələ də əsas keçid nöqtəsidir və qısa müddətdə alternativ marşrutlara keçidin çətin olacağı vurğulanır.

Bu şəraitdə Türkiyə Hörmüzdən kənar enerji resurslarının Avropaya daşınmasında tamamlayıcı enerji dəhlizi kimi önə çıxır.

Martın 17-də yenidən fəaliyyətə başlayan “Kərkük–Ceyhan” xətti üzrə daşımaların əvvəlcə gündəlik 170 min barelə, daha sonra isə 250 min barelə çatdırılması planlaşdırılır.

Türkiyə həmçinin Rusiya qazının Avropaya ötürülməsində də mühüm marşrut olaraq qalır. “TürkAxını” boru kəməri ilə nəql mart ayında illik müqayisədə 22 faiz artaraq gündəlik 55 milyon kubmetrə çatıb.

Bu proseslər göstərir ki, Hörmüzlə bağlı yaşanan böhranda alternativ marşrut axtarışları sürətlənir və Türkiyənin enerji ticarətində rolu daha da artmaq potensialına malikdir.

 

Türkiyə orta müddətdə alternativ ola bilər

Almaniya İqtisadi Araşdırmalar İnstitutunun Energetika, Nəqliyyat və Ətraf Mühit şöbəsinin rəhbəri Klaudiya Kemfert bildirib ki, Hörmüzdə uzunmüddətli fasilələr qlobal neft və LNG qiymətlərinin artmasına səbəb olacaq.

K.Kemfert qeyd edib ki, davam edən tədarük riskləri orta müddətdə qiymətləri yüksək saxlayacaq, strateji ehtiyatlardan asılılığı artıracaq və enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları gücləndirəcək.

O, Səudiyyə Ərəbistanı və BƏƏ üzərindən keçən alternativ marşrutların məhdud həcmə malik olduğunu və genişmiqyaslı kəsintiləri kompensasiya etmək imkanının olmadığını vurğulayıb. Bu vəziyyətin qlobal bazarları struktur baxımından həssas saxladığını qeyd edib.

K.Kemfert əlavə edib ki, Türkiyə dövləti Xəzər, Yaxın Şərq və Avropa arasında tranzit rolunu gücləndirərək orta müddətdə alternativ marşrut kimi çıxış edə bilər.

Bununla belə, mövcud infrastruktur məhdudiyyətləri səbəbindən Türkiyənin qısa müddətdə böyük həcmli tədarük çatışmazlıqlarını kompensasiya edə bilməyəcəyi, rolunun daha çox strateji və orta müddətli xarakter daşıyacağı bildirilib.

K.Kemfert, həmçinin qeyd edib ki, Hörmüzdəki qeyri-sabitlik Körfəz enerji resurslarından asılılığın azalmasına gətirib çıxara bilər. Bu prosesdə bərpa olunan enerji yatırımları, LNG təchizatçıları, xüsusilə ABŞ, Norveç və Şimali Afrikadan boru kəməri ilə qaz təchizatı, eləcə də yeni nəqliyyat dəhlizləri üstünlük qazana bilər.