Xocalı faciəsindən 34 il ötür

1992-ci ilin 26 fevral tarixi Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmışdır. 1992-ci ilin fevralında Xocalıda Azərbaycan əhalisinə qarşı görünməmiş soyqırım törədildi

By
Xocalı faciəsindən 34 il ötür / TRT Azerbaycan

1992-ci ilin 26 fevral tarixi Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmışdır. 1992-ci ilin fevralında Xocalıda Azərbaycan əhalisinə qarşı görünməmiş soyqırım törədildi. Xocalı soyqırımı kimi tanınan bu qanlı faciədə çox sayda azərbaycanlı kütləvi şəkildə qәtlә yetirildi və əsir götürüldü.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirə altındakı Xocalı şәhәrindә yaşayan dinc əhalinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər barbarcasına yerlə-yeksan edilib. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vururaq öldürüldü.

Azərbaycan Xocalı faciəsini beynəlxalq hüququn təməl prinsiplərinin, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları və BMT-nin "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyasının kobud şəkildə pozulması kimi qiymətləndirir. Bu qətliam eyni zamanda "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın, işgəncələrə qarşı konvensiyaların və "Uşaq hüquqları haqqında" Konvensiyanın müddəalarına tamamilə ziddir.

Azərbaycan Parlamenti tərəfindən rəsmən "soyqırım" statusu alan bu faciəyə beynəlxalq qurumlar da hüquqi qiymət verib. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 22 aprel 2010-cu il tarixli qərarı ilə Xocalıda baş verənləri hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə bərabər tutub.

İndiyədək dünyanın 18 ölkəsinin parlamenti və ABŞ-nin 24 ştatının qanunvericilik orqanı Xocalı qətliamını pisləyən, habelə onu soyqırım aktı kimi tanıyan qətnamələr qəbul edib. Azərbaycan dövləti Xocalı həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqda davam edir və bu ağır cinayəti törədənlərin beynəlxalq ədalət qarşısında cəzalandırılmasını tələb edir.

Azərbaycan torpaqlarının 30 ildən çox davam edən işğalına rəşadətli Azərbaycan Ordusunun qətiyyətli hərbi əməliyyatları nəticəsində son qoyuldu və bu proses möhtəşəm Qələbə ilə başa çatdı. 2020-ci ildə Qarabağın azad edilməsi ilə Azərbaycan işğal faktı ilə heç vaxt barışmayacağını bir daha nümayiş etdirdi və "Qarabağ Azərbaycandır!" reallığını bütün dünyaya sübut etdi.

Bu gün Xocalı da daxil olmaqla, vaxtilə işğal altında olmuş torpaqlar artıq azaddır. Azərbaycan dövləti həmin ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparır, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə təmin edilir.