Böyük Britaniya Fələstin dövlətini rəsmən tanıyacaq

D.Trampın səfərindən sonra qərar elan olunacaq, rəsmi London iki dövlətli həll yoluna dəstəyini vurğulayır

Kir Starmer və Donald Tramp / AP

“The i Paper” qəzetinin hökumət mənbələrinə istinadən yaydığı xəbərə görə, Böyük Britaniya dövləti ABŞ prezidenti Donald Trampın rəsmi səfərinin başa çatmasının ardından bu həftə sonu Fələstin dövlətini rəsmən tanıyacaq.

Xatırladaq ki, iyul ayında Baş nazir Kir Starmer bildirmişdi ki, əgər İsrail Qəzzadakı humanitar vəziyyətlə bağlı ciddi addımlar atmazsa və atəşkəsə dair razılaşma əldə etməzsə, rəsmi London sentyabrda BMT Baş Assambleyasında Fələstin dövlətini tanıyacaq.

Məlumata görə, bu açıqlamanın D.Trampın Böyük Britaniyadan ayrılmasından sonraya saxlanılmasının səbəbi Vaşinqton rəhbərliyi ilə gərginliyi artırmamaqdır. Çünki D.Tramp və ABŞ dövlət katibi Marko Rubio İsrailin Qəzzadakı quru əməliyyatına açıq şəkildə dəstək veriblər.

Baş nazirliyin sözçüsü qeyd edib ki, Fələstin dövlətini tanıma qərarı iki dövlətli həll yolunun reallığını qorumağa xidmət edir: “Dövlət olmaq hüququ Fələstin xalqının təxirəsalınmaz haqqıdır və bu hüququ açıq şəkildə ifadə etməyimiz iki dövlətli həllin mümkünlüyünü qorumaq baxımından son dərəcə vacibdir”.

Qeyd edək ki, ötən il İrlandiya, Norveç və İspaniya Fələstini rəsmi şəkildə tanıyan 147 ölkənin sırasına qoşulmuşdu. Bundan əlavə, Fransa da BMT Baş Assambleyası zamanı Fələstin dövlətini tanımaq planlarını açıqlayaraq, G7 (Böyük yeddilik) ölkələri arasında bu addımı atmağa hazırlaşan ilk dövlət olmuşdu.