"Məni ləkələməkdən əl çək", Q. Petro
Kolumbiya və Amerika Birləşmiş Ştatları regionda hərbi və iqtisadi baxımdan müttəfiq olsalar da, münasibətlər gərgin olaraq qalır
Kolumbiya prezidenti Qustavo Petro yanvarın 4-də ABŞ-dakı həmkarı Donald Trampın ona qarşı irəli sürdüyü narkotik qaçaqmalçılığı ittihamlarını və səsləndirdiyi təhdidləri rədd edib.
ABŞ qüvvələri yanvarın 3-də səhər tezdən Karakasa hücum edib. Venesuela lideri Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmaq və Vaşinqtonun neftlə zəngin bu Cənubi Amerika ölkəsi üzərində nəzarəti təmin etmək məqsədi daşıyan şok basqın zamanı ölkədəki hərbi hədəflər bombalanıb.
Yanvarın 4-də təyyarədə jurnalistlərə açıqlama verən Tramp Kolumbiyaya qarşı da oxşar hərbi əməliyyatların həyata keçirilə biləcəyini bildirib, bu Cənubi Amerika ölkəsini “çox xəstə” adlandırıb və “kokain istehsal edib ABŞ-a satmağı sevən xəstə bir adam tərəfindən idarə olunduğunu” deyib.
Tramp Qustavo Petronu nəzərdə tutaraq, “Kokain fabrikləri və kokain istehsal müəssisələri var, amma bunu çox uzun müddət davam etdirə bilməyəcək,” deyə qeyd edib.
Kolumbiyaya qarşı Venesuelaya bənzər bir hərbi müdaxilə planının olub-olmadığı soruşulduqda, Tramp “Mənə yaxşı fikir kimi gəlir” cavabını verib.
Tramp ittihamlarını dəstəkləyəcək heç bir sübut təqdim etməyib, lakin “Səbəbini bilirsiniz, çünki çox sayda insanı öldürürlər,” iddiasını irəli sürüb.
Petro isə “adının məhkəmə sənədlərində keçmədiyini” bildirərək, bu ittihamları rədd edib.
Petro sosial media platforması “X”-də paylaşım edərək, “Məni ləkələməyi dayandırın, cənab Tramp” deyib.
“Silahlı mübarizə yolu keçmiş və daha sonra Kolumbiya xalqının sülh mübarizəsi ilə önə çıxmış bir Latın Amerikası prezidentini bu cür təhdid edə bilməzsiniz”, -deyə Petro qeyd edib.
Petro Tramp administrasiyasının regiondakı hərbi əməliyyatlarını sərt şəkildə tənqid edib və Vaşinqtonu Maduronu “hüquqi əsas olmadan” qaçırmaqda ittiham edib.
Petro yanvarın 4-də “X” platformasında etdiyi başqa paylaşımda “dostlar bomba atmaz” yazıb.
Kolumbiya Xarici İşlər Nazirliyi ABŞ prezidentinin təhdidlərini “qəbuledilməz müdaxilə” kimi qiymətləndirərək ölkələrinə “hörmət” göstərilməsini tələb edib.
Kolumbiya və ABŞ regionda hərbi və iqtisadi baxımdan mühüm müttəfiqlər olsalar da, aralarındakı münasibətlər gərgin olaraq qalır.
İki lider Trampın ikinci prezidentlik dövrünün başlanğıcından bəri gömrük rüsumları və miqrasiya siyasəti kimi məsələlərdə mütəmadi olaraq toqquşurlar.