Avropa ölkələri İrandakı vətəndaşlarını ölkəni tərk etməyə çağırır
Bir sıra Avropa ölkələri İranda artan qeyri-sabitlik səbəbindən vətəndaşlarına bu ölkəni tərk etməyi tövsiyə edib
Bir neçə Avropa dövləti İranda təhlükəsizlik vəziyyətinin pisləşdiyini bildirərərk öz vətəndaşlarını İranı tərk etməyə çağırıb. Buna səbəb kimi həm hökumət əleyhdarı, həm də hökumət tərəfdarı etirazların davam etməsi, eləcə də ABŞ-nin İrana mümkün hücumları ilə bağlı narahatlıqların artması göstərilib.
Yanvarın 14-də İspaniya Xarici İşlər Nazirliyi vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edərək, ölkə üzrə vəziyyətin qeyri-sabit olduğuna diqqət çəkib. Nazirliyin yenilənmiş səyahət xəbərdarlığında deyilir: “İranda olan İspaniya vətəndaşlarına mövcud imkanlardan istifadə edərək ölkəni tərk etmələri tövsiyə olunur. Ölkə üzrə vəziyyət qeyri-sabitdir. Müxtəlif mənbələrdən bəzi etirazçıların öldürüldüyü və həbslərin həyata keçirildiyi bildirilir.”
İtaliya da təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən vətəndaşlarına İrandan çıxmaq çağırışını yeniləyib. İtaliya Xarici İşlər Nazirliyi hazırda ölkədə təxminən 600 İtaliya vətəndaşının olduğunu və onların əksəriyyətinin Tehranda yaşadığını bildirib. “Bölgədə hazırda 900-dən çox İtaliya Silahlı Qüvvələri hərbçisi var”, – deyə nazirlik qeyd edərək, qonşu ölkələrdə xidmət edən şəxsi heyətin qorunması üçün qabaqlayıcı tədbirlərin görüldüyünü açıqlayıb.
Polşa da oxşar xəbərdarlıq yayaraq vətəndaşlarını dərhal İranı tərk etməyə çağırıb və bu ölkəyə səyahət etməməyi tövsiyə edib.
Almaniya isə özbaşına saxlanılma riski ilə bağlı xəbərdarlıq edərək İranda olan vətandaşlarını ölkəni tərk etməyə çağırıb və İrana səyahət edilməməsi barədə tövsiyə verib.
Hökumət vəziyyəti nəzarətdə saxladığını bildirir
ABŞ prezidenti Donald Tramp İran hökumətinin etirazçıları edam etməsi halında İrana qarşı hərbi əməliyyat həyata keçirilə biləcəyi barədə xəbərdarlıq edib. Məsələylə bağlı yanvarın 14-də açıqlama verən D.Tramp deyib: “Bizə deyildi ki, İranda artıq ölüm hadisələri dayanmaq üzrədir.”
Lakin D.Trampın bu açıqlamasından onun İrana qarşı hərəkətə keçməyi təxirə salıb-salmadığı isə aydın olmayıb.
Xəbər verildiyi kimi, İranda dekabr ayının sonlarından etibarən milli valyutanın kəskin dəyər itirməsi və pisləşən iqtisadi şərait səbəbilə etiraz aksiyaları tüğyan edib.
İran rəsmiləri isə baş verənləri xarici müdaxilə ilə əlaqələndirərək, etirazçıları “terror aktları” törətməkdə günhlandırıblar.
Qeyd edək ki, yanvarın 14-də İran XİN rəhbəri Abbas Əraqçi “Fox News” kanalınına verdiyi müsahibədə deyib: “Üç gün davam edən terrorçu əməliyyatlardan sonra indi sakitlik yaranıb. Ölkədə nəzarət bizim əlimizdədir.”