R.T.Ərdoğan: “Suriya suriyalılara məxsusdur”

Dövlət başçısı R.T.Ərdoğan YPG terrorçularına qarşı apardığı dəqiq əməliyyata görə Suriya ordusunu təbrik edib

By
R.T.Ərdoğan: “Suriya suriyalılara məxsusdur” / AA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin ərazi bütövlüyü qorunmuş Suriyanı regional sabitlik və rifah baxımından dəsdəklədiyini bildirib. Ölkə rəhbəri həmçinin rəsmi Ankaranın Suriyanın suverenliyinə və ərazi bütövlüyünə sadiqliyini xüsusi vurğulayıb.

Yanvarın 19-da keçirilən həftəlik Nazirlər Kabinetinin iclasından sonra televiziya ilə yayımlanan çıxışında R.T.Ərdoğan “Suriya suriyalılara məxsusdur” deyərək, ölkənin hüquqları və birliyi qorunmalı olan çoxmillətli əhaliyə ev sahibliyi etdiyini qeyd edib.

Prezident suriyalı həmkarına Türkiyənin terrorla mübarizədə Suriyanın yanında dayanmağa davam edəcəyini bildirdiyini deyərək, “Suriya xalqını tək buraxmayacağıq”, – söyləyib.

R.T.Ərdoğan Suriya hökuməti ilə YPG terror təşkilatı arasında əldə olunan son razılaşmanı məmnunluqla qarşıladığını bildirərək deyib: “Dövlət daxilində dövlət qurmaq niyyətində olan bir ovuc separatçı istisna olmaqla, Suriya xalqının dünənki razılaşmadan böyük sevinc hissi keçirdiyi aydın görünür. Bölgədə terror dövrü başa çatıb, atəşkəs mərhələsində tam inteqrasiya razılaşmalarına əməl olunmalı və yanlış hesablamalardan qaçınılmalıdır.”

Təxribatlara baxmayaraq, ölkənin şimal-şərqindəki ərazilərin nəzarətə götürülməsi üçün YPG terrorçularına qarşı apardığı dəqiq əməliyyata görə Suriya ordusunu təbrik edən dövlət başçısı R.T.Ərdoğan belə deyib: “Suriya ordusunun bu həssas əməliyyatı diqqətlə idarə etməsi təqdirəlayiqdir. Təxribatlara baxmayaraq, Suriya ordusu uğurlu bir sınaqdan çıxmış, haqlı olduğu halda haqsız vəziyyətə düşə biləcək hərəkətlərdən çəkinmişdir.”

Suriya dövlətinin onun öz xalqına məxsus olduğunu vurğulayan R.T.Ərdoğan deyib: “Suriya; ərəblər, türkmənlər, kürdlər, ələvilər, sünnilər və druzilər də daxil olmaqla, bütün müxtəlif təbəqələri ilə Suriya xalqınındır.”

Türkiyənin Suriya xalqının “qardaşı, qonşusu və dostu” kimi böhran və çətinlik dövrlərində daim onların yanında olduğunu xatırladan Prezident R.T.Ərdoğan rəsmi Ankaranın Suriyanın birliyini və ya ərazi bütövlüyünü pozmağa yönəlmiş hər cür addıma qarşı çıxacağını əlavə edib.

Prerzident R.T. Ərdoğan Türkiyənin Suriyanı parçalaya və ya bölgəni sabitlikdən uzaqlaşdıra biləcək cəhdlərin qarşısını almaqda qətiyyətli olduğunu bildirib.

Bundan başqa R.T.Ərdoğan İrandakı gərginliyi Tehran hakimiyyəti üçün “yeni bir sınaq” kimi qiymətləndirib və Türkiyənin bölgəni xaosa sürükləyə biləcək istənilən təşəbbüsün qarşısında dayanacağı vədini verib.

Prezident R.T.Ərdoğan deyib: “Dialoq və diplomatiyanı əsas götürən siyasət sayəsində iranlı qardaşlarımızın, Allahın izni ilə, tələlərlə dolu bu dövrü arxada qoyacağına inanırıq.”