İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda biri uşaq olmaqla 6 fələstinli həyatını itirib
Tibbi mənbələr hava hücumlarının Xan Yunisdəki polis məntəqələrini hədəf aldığını bildirib
İsrailin Qəzzanın cənubundakı polis məntəqələrini hədəf alan hava hücumlarında aralarında bir uşağın da olduğu altı fələstinli həyatını itirib, çox sayda insan isə yaralanıb.
Səhiyyə işçiləri İsrail təyyarələrinin Qəzzanın cənubundakı Xan Yunis şəhərində iki polis nəzarət məntəqəsinə hücum etdiyini; üç polis ilə biri qız uşağı olmaqla üç mülki şəxsin öldüyünü, dörd nəfərin isə yaralandığını bildiriblər.
Martın 28-də səhər saatlarında Qəzzanın müxtəlif bölgələrində İsrailin açdığı artilleriya atəşi nəticəsində ikisi qardaş olmaqla üç fələstinli həlak olub, dörd nəfər yaralanıb.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail qüvvələri 10 oktyabrdan bəri qüvvədə olan atəşkəsi hər gün pozaraq 18 mart tarixinə qədər 691 nəfəri öldürüb, 1 876 nəfəri isə yaralayıb.
İsrail 2023-cü ilin oktyabrında Qəzzaya qarşı başlatdığı hücumlarda 72 mindən çox fələstinlini öldürüb, təxminən 172 min nəfəri yaralayıb və bölgədəki mülki infrastrukturun təxminən 90%-ni məhv edib.