Tramp Qəzza müharibəsinin başa çatdığını bildirdi
Tramp HƏMAS-ın bütün girovları azad etməsindən və İsrailin də öz girovlarını azad etməyə başlamasından sonra İsrailin Qəzzaya qarşı müharibəsinin başa çatdığını bəyan edib
ABŞ prezidenti Donald Tramp bu gün (13 oktyabr 2025) İsrailin mühasirədə olan Qəzzaya qarşı müharibəsinin rəsmən başa çatdığını elan edib. Bu açıqlama Fələstinin müqavimət qrupu HƏMAS-ın sahil zolağında saxladığı 20 israilli girovu azad etməsindən bir neçə dəqiqə sonra yayılıb.
Müxbirlərdən birinin müharibənin bitib-bitmədiyi sualına Tramp Knessetdə parlament üzvləri qarşısında çıxış etməyə hazırlaşarkən qısaca “Bəli” cavabını verib.
"Anadolu" agentliyi (AA) müxbirinin verdiyi məlumata görə, HƏMAS-ın hərbi qanadı Əl-Qəssam Briqadaları bu gün 20 israilli girovun azad edilməsi işini tamamladıqlarını açıqlayıb.
Girovlar Qəzzada iki qrup halında Qırmızı Xaç Kometəsinə təhvil verilib.
Trampın İsrail və HƏMAS arasında imzaladığı 20 bəndlik atəşkəs razılaşması çərçivəsində israilli girovların azad edilməsi müqabilində 250-si ömürlük həbs cəzasına məhkum edilən 1968 fələstinli məhbusun azadlığa buraxılması da davam edir.
Fələstinli Məhbuslar Media Ofisinin məlumatına görə, fələstinli məhbusları daşıyan avtobuslar bu gün İsrail həbsxanalarından Qəzzaya və işğal altındakı İordan çayının qərb sahilinə yola düşüb.