Papa XIV Leo Qərbdə artan islamofobiyanı tənqid etdi

Roma Papası Türkiyə və Livanı birgə yaşamaq nümunəsi kimi göstərərək, dünyaya dialoq, qarşılıqlı hörmət və zorakılığın dayandırılması çağırışı etdi

By
Papa XIV Leo Qərbdə artan islamofobiyanı tənqid etdi / AP

Papa XIV Leo dekabrın 2-də Türkiyə və Livanı əhatə edən ilk rəsmi xarici səfərini başa vurduqdan sonra xüsusi “ITA Airways” təyyarəsi ilə Romaya qayıdıb.

Uçuş zamanı ona müşayiət edən jurnalistlərlə söhbət edən Papa səfərə dair qiymətləndirmələr apararaq müxtəlif beynəlxalq və regional məsələlər barədə fikirlərini bölüşüb.

Papa bildirib ki, Avropadakı islamofobiya çox vaxt müxtəlif inanc və ya etnik mənsubiyyətə malik insanları kənarda saxlamağa çalışan şəxslər tərəfindən qızışdırılır.

Roma Papası qeyd edib ki, Livanda xristianlarla müsəlmanların birgə yaşama bacarığı Avropa və Şimali Amerika üçün nümunə ola bilər. Papa XIV Leo bununla da, müxtəlif dinlər arasında həqiqi dialoq və qarşılıqlı hörmətin vacibliyini vurğulayıb.

Jurnalistlər yaxın günlərdə “İsrail bizim dostumuzdur” açıqlaması verən Papadan ABŞ prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu ilə münasibətlərinin İsrailin Livana yönələn hücumlarını dayandırmağa kömək edib-etməyəcəyini və bölgədə davamlı sülhün mümkün olub-olmadığını soruşublar.

Papa jurnalistlərin sualına cavabında deyib: “Əvvəlcə bunu deyim ki, bəli, davamlı sülhün mümkün olduğuna inanıram. Adını çəkdiyiniz bəzi ölkə rəhbərləri ilə az da olsa danışmağa başlamışam və bunu ya şəxsi şəkildə, ya da Vatikan vasitəsilə davam etdirməyi planlaşdırıram.”

 

Livanda pərdəarxası görüşlər

Papa əlavə edib ki, Livanda daxili və beynəlxalq münaqişələrlə bağlı siyasi rəsmilərlə də danışıqlar aparıb.

Vatikan rəhbəri deyib: “Fəaliyyətimiz əsasən ictimaiyyətə nümayiş olunanlardan ibarət deyil, daha çox pərdəarxasında apardığımız işlərdir. Vatikan əvvəllər də pərdəarxası danışıqlar aparıb. Buradakı məqsəd zorakılığa son qoymağa, tərəfləri danışıq masasına gətirməyə və insanlar üçün daha faydalı həll yolları tapmağa çalışmaqdır.”

Livandakı “Hizbullah” silahlı qruplaşmasının Papanın həmin ölkəyə səfərinə dair mesajını alıb-almadığı barədə sualı cavablandıran Papa deyib: “Bəli, gördüm. Ancaq bilinməlidir ki, Kilsə silahların yerə qoyulmasını və dialoq axtarışını təklif edir. Bu məsələylə bağlı bundan əlavə şərh verməyimin düzgün olmayacağı qənaətindəyəm.”

 

NATO, Rusiya və Ukrayna

Papa NATO ilə Rusiya arasındakı gərginliyin artması və ABŞ prezidenti Donald Trampın ilk mərhələdə Avropanı kənarda saxlayan sülh planı təklifinə dair sualları da cavablandırıb.

“Ola bilsin ki, bu məsələ dünyada sülh üçün olduqca vacibdir. Lakin Vatikan birbaşa tərəf deyil, çünki biz NATO üzvü deyilik və indiyədək aparılan dialoqda birbaşa rolumuz olmayıb. Bununla belə, biz dəfələrlə atəşkəs, dialoq və müharibənin dayandırılması çağırışları etmişik”, – deyə Papa qeyd edib.

Bundan əlavə, Donald Trampın Avropanın iştirakı olmadan sülh planı təltif etməsi məsələsinə də münasibət bildirən Papa deyib:

“Avropanın iştirakı həqiqətən çox vacibdir. Buna görə də ABŞ-nin təklif etdiyi ilk sülh planı Avropanın səsləndirdiyi narahatlıqlar əsasında dəyişdirildi. Məncə, İtaliya bu məsələdə olduqca mühüm rol oynaya bilər. Çünki rəsmi Roma mədəni və tarixi baxımdan Ukrayna, Rusiya və Amerika Birləşmiş Ştatları da daxil olmaqla müxtəlif tərəflər arasında vasitəçilik etmək imkanına malikdir.”

O, Vatikanın belə vasitəçilik cəhdini dəstəkləyə biləcəyini deyib və bütün tərəfləri Ukrayna üçün həqiqətən ədalətli sülhü təmin edəcək həll yolları tapmaq məqsədilə birgə səy göstərməyə çağırış edib.

 

İslamofobiya

Papa XIV Leo müsəlmanlarla xristianlar arasında dialoq və dostluğun doğrudan da mümkün olub-olmadığı barədə də danışıb.

Bəzi katoliklərin İslamın Qərbin xristian kimliyini təhdid etdiyi fikrinə münasibəti barədə verilən sualı cavablayan Papa Leo belə deyib: “Türkiyədə və Livanda olduğum müddətdə keçirdiyim bütün görüşlər məhz müxtəlif dinlərin nümayəndələri arasında sülh və hörmət mövzusuna həsr olunmuşdu. Əlbəttə, bunun hər zaman belə olmadığını bilirəm. Avropada zaman-zaman narahatlıqların yarandığının fərqindəyəm, lakin bunlar çox vaxt miqrasiya əleyhinə çıxan və başqa ölkədən, başqa dindən və ya başqa etnik mənsubiyyətdən olan insanları görməyi həzm etməyən şəxslər tərəfindən qızışdırılır. Fikrimcə, Livanın dünyaya təqdim edə biləcəyi böyük dərslərdən biri, həm İslamın, həm də Xristianlığın mövcud olduğu və hörmət gördüyü, birgə yaşamağın və dostluğun mümkün olduğu bir ölkə olmasıdır. Son iki gündə şahidi olduğumuz hadisələr, dağıdılmış yerlərdə bir-birinin köməyinə yetişən müsəlman və xristianların dedikləri, Avropada və ya Şimali Amerikada da bilinməli olan vacib nümunələrdir. Beləliklə də bu bölgələr bir qədər daha az narahat olmalı və həqiqi dialoqla qarşılıqlı hörməti təşviq etməyin yollarını axtarmalıdır.”

 

ABŞ ilə Venesuela arasındakı gərginlik

ABŞ ilə Venesuela arasında artan gərginliyə də münasibət bildirən Papa deyib: “Belə vəziyyətlərdə adətən əziyyət çəkənlər vəzifəli şəxslər deyil, sadə xalqdır. Venesuela ölkəsi ilə bağlı Amerika Birləşmiş Ştatlarının açıqlamaları tez-tez dəyişir. Bir tərəfdən iki prezidentin telefonla danışdığı bildirilir. Digər tərəfdən isə hərbi əməliyyat və ya Venesuela ərazisinin işğalı kimi təhlükə. Ancaq belə bir ehtimalın həqiqətən mövcudluğu barədə daha artıq məlumata sahib deyiləm. Mən şəxsən dialoq tərəfdarıyam; ola bilsin iqtisadi sanksiyalar tətbiq olunsun, lakin hər halda məqsəd dialoq olmalıdır.”

Papa Leo Argentina, Uruqvay və Perunu ziyarət etmək istədiyini, lakin çox güman ki, ilk növbədə Afrikaya gedəcəyini bildirib. O, həmçinin Cezayiri ziyarət etmək arzusunu dilə gətirib.