Əfqanıstanda yağan leysan yağışları 60-dan çox insanın həyatına son qoyub
Ölkə rəsmiləri ümumilikdə 360 ailənin təbii fəlakətdən zərər çəkdiyini bildirib
Əfqanıstanda son üç gün ərzində müşahidə olunan güclü qar yağışı və leysan yağışları nəticəsində 61 nəfər həyatını itirib. Əfqanıstan Milli Fəlakətlərin İdarə Olunması Qurumu (ANDMA) yanvarın 24-də yaydığı açıqlamada bildirib ki, ölüm hadisələri əsasən ölkənin mərkəzi və şimal vilayətlərində qeydə alınıb.
ANDMA-nın paylaşdığı xəritəyə əsasən, ilkin qiymətləndirmələr çərçivəsində 110 nəfərin yaralandığı, 458 evin isə qismən və ya tamamilə dağıldığı bildirilib. Qurum qeyd edib ki, bu göstəricilər ilkin ziyan və insan itkisi ilə bağlı müəyyənləşdirmələrdir.
ANDMA-nın sözçüsü yayımladığı video müraciətdə ümumilikdə 360 ailənin təbii fəlakətdən zərər çəkdiyini bildirərək, vətəndaşlara zərurət olmadıqca qarlı yollarda səfər etməmək çağırışı edib.
Parvan vilayəti rəsmiləri tərəfindən verilən açıqlamaya görə, ölkənin əsas avtomobil yollarından biri olan Salanq yolu hərəkət üçün bağlanıb. Digər tərəfdən, ölkənin mərkəzi hissəsində yerləşən Bamyan vilayətində dağ keçidində ilişib qalan vətəndaşlara ərzaq yardımı paylandığı bildirilib.