2025 Nobel tibb mükafatı “periferik immunitet tolerantlığı”nın kəşfinə verildi
Meri E.Brunkov, Fred Ramsdell və Şimon Sakaquçi xəstəliklərin müalicəsində yeni dövr açan araşdırmalarına görə mükafatlandırıldı
Amerikalı alimlər Meri Brunkov, Fred Ramsdell və yaponiyalı Şimon Sakaquçinin “periferik immunitet tolerantlığı” sahəsindəki araşdırmaları xərçəng və autoimmun xəstəliklərin müalicəsində yeni perspektivlər açıb.
İsveçin Karolinska İnstitutunun Nobel Assambleyası oktyabrın 6-da (bu gün) açıqlama yayaraq ABŞ alimləri Meri E.Brunkov və Fred Ramsdell ilə yaponiyalı Şimon Sakaüquçinin “periferik immunitet tolerantlığı sahəsindəki kəşflərinə görə” 2025-ci il fiziologiya və ya tibb üzrə Nobel mükafatına layiq görüldüklərini bildirib.
Komissiyanın bəyanatında deyilir: “Bu alimlərin kəşfləri yeni bir araşdırma sahəsinin əsasını qoyaraq xərçəng və autoimmun xəstəliklər üçün yeni müalicələrin inkişafına öncülük edib.”
Tibb üzrə Nobel mükafatının qalibləri İsveçdəki Karolinska İnstitutunun Tibb Universitetindəki Nobel Assambleyası tərəfindən seçilib. Qaliblərə 11 milyon İsveç kronu (təxminən 1,2 milyon ABŞ dolları) məbləğində pul mükafatı və İsveç kralı tərəfindən təqdim olunan qızıl medal verilib.
Qeyd edək ki, Nobel mükafatı ənənəsi dinamiti ixtira etmiş və varlı iş adamı olmuş isveçli Alfred Nobelin vəsiyyəti əsasında təsis olunub. Bu mükafatlar 1901-ci ildən etibarən elm, ədəbiyyat və sülh sahələrində üstün töhfələr verən şəxslərə təqdim edilir. Nobel mükafatı İsveç Mərkəzi Bankı (Riksbank) tərəfindən maliyyələşdirilib. Qaliblər müxtəlif qurumların ekspertləri tərəfindən seçilir.
Bütün mükafatlar İsveçin paytaxtı Stokholmda təqdim edilir, Sülh Mükafatı isə Osloda təqdim olunur. Bunun Alfred Nobelin dövründə İsveç və Norveç arasındakı siyasi birliyin mirası olduğu düşünülür.
Fiziologiya və ya tibb sahəsində Nobel mükafatını əvvəlki illərdə qazanan alimlər arasında, 1945-ci ildə penisilini kəşf edən Aleksandr Fleminq kimi adlar yer alır. Mükafat son illərdə həmçinin “Covid-19” peyvəndlərinin hazırlanmasına töfhə verən böyük elmi irəliləyişləri də qiymətləndirib.
Ötən il tibb mükafatı “mikroRNT”nin kəşfi və bunun çoxhüceyrəli orqanizmlərin necə böyüyüb yaşadığını izah edən əhəmiyyəti səbəbindən amerikalı alimlər Viktor Ambros və Qari Ruvkuna verilmişdi.
Qeyd edək ki, Nobel mükafatı elm, ədəbiyyat, sülh və iqtisadiyyat sahələrində dünyanın ən nüfuzlu mükafatları sırasında yer alır. Digər sahələr üzrə qaliblərin yaxın günlərdə açıqlanacağı gözlənilir.
Bir əsrdən çox müddət keçməsinə baxmayaraq, Nobel mükafatı hələ də ənənələrə sadiq qalır. Mükafatın təqdimat mərasimləri İsveç və Norveç kral ailələrinin iştirakı ilə keçirilir.