Kanada ilə Çin arasında tarixi ticarət razılaşması imzalandı
Kanadanın Baş naziri Çin avtomobillərinin idxalına imkan verən ticarət razılaşmasını imzaladı
Kanadanın Baş naziri Mark Karni yanvarın 16-da (bu gün) Çinin paytaxtı Pekində Çin Xalq Respublikasının sədri Si Cinpin ilə keçirdiyi görüşdən sonra, Kanada məhsullarına tətbiq edilən tariflərin azaldılmasını nəzərdə tutan razılaşmanın imzalandığını bildirib.
Pekində keçirilən mətbuat konfransında M.Karni deyib: “Kanada və Çin ticarət maneələrinin aradan qaldırılması və tariflərin azaldılması məqsədilə qabaqcıl, lakin tarixi bir ticarət razılaşmasına nail olublar.”
2017-ci ildən bəri Çinə səfər edən ilk Kanada Baş naziri olan M.Karni aylardır davam edən diplomatik səylərdən sonra ölkəsinin ABŞ-dən sonra ikinci ən böyük ticarət tərəfdaşı ilə münasibətləri yenidən qurmağa çalışdığını vurğulayıb.
M.Karni bildirib ki, Kanada martın 1-dək Çinin Kanada mənşəli kanola toxumlarına tətbiq etdiyi gömrük rüsumlarını azaltmasını gözləyir. Onun sözlərinə görə, təxminən 15 faiz səviyyəsində müəyyən edilən yeni tarif mövcud 84 faiz təşkil edən gömrük rüsumları ilə müqayisədə əhəmiyyətli azalma deməkdir.
Kanada güzəştli tariflərlə 49 min Çin istehsalı elektrikli avtomobil idxal edəcək
Mark Karni bildirib ki, Kanada yeni güzəştli tarif rejimi çərçivəsində 49 minədək Çin istehsalı elektrikli avtomobilin idxalına icazə verəcək.
Baş nazir verdiyi açıqlamada deyib: “Kanada ən çox üstünlük verilən ölkə tarifi olan 6,1 faiz dərəcəsi ilə maksimum 49 min Çin elektrikli avtomobilinin Kanada bazarına daxil olmasına razılıq verib.”
M.Karni vurğulayıb ki, bu addım son dövrlərdə yaşanan ticarət gərginliklərindən əvvəl mövcud olan səviyyələrə qayıdışı ifadə edir.
Qeyd edək ki, bu göstərici keçmiş Baş nazir Castin Trudo hökumətinin 2024-cü ildə, ABŞ-nin oxşar sanksiyalarını əsas götürərək Çin istehsalı elektrikli avtomobillərə tətbiq etdiyi 100 faizlik tariflə müqayisədə kəskin fərqlənir. 2023-cü ildə Çin Kanadaya 41 678 ədəd elektrikli avtomobil ixrac etmişdi.
C.Trudo həmin tarifləri dövlət subsidiyalarından yararlanmaqla ədalətsiz qlobal rəqabət üstünlüyü əldə etdiyini bildirdiyi Çin istehsalçılarının Kanada daxili sənayesini təhdid etməsi ilə əsaslandırmışdı.