Türkiyə İran müharibəsi üçün diplomatiyanı sürətləndirdi, masaya qayıtmağa çağırdı

Hakan Fidan regional yayılma və məzhəblərarası gərginliyin böhranı dərinləşdirə biləcəyi barədə xəbərdarlıq edərkən,...

By
Hakan Fidan / AA

Xarici işlər naziri Hakan Fidan regional yayılma və məzhəblərarası gərginliyin böhranı dərinləşdirə biləcəyi barədə xəbərdarlıq edərkən, rəsmi Ankaranın hər iki tərəflə "arxa qapı" diplomatiyasını davam etdirdiyini bildirib.

Türkiyə Yaxın Şərqdə getdikcə gərginləşən münaqişəni dayandırmaq üçün diplomatik təşəbbüslərini intensivləşdirib, ABŞ, İsrail və İran arasındakı müharibənin daha geniş bölgəni xaosa sürükləmə riski daşıdığı barədə xəbərdarlıq edərək, dərhal atəşkəs təmin edilməsi və danışıqlara qayıdılması çağırışını edib.

Xarici işlər naziri Hakan Fidan martın 12-də Ankarada alman həmkarı Yohan Vadepul (Johann Wadephul) ilə keçirdiyi birgə mətbuat konfransında müharibənin dayandırılmasına kömək etmək məqsədilə Ankaranın həm Tehran, həm də Vaşinqtonla fəal əlaqədə olduğunu bildirib.

H.Fidan “Müzakirə və dialoqun əvəzedilməz olduğu bir dövrdəyik. Hazırda buna hər zamankından daha çox ehtiyac var. Bu istiqamətdəki səylərimiz davam edəcək. Həm İran tərəfi, həm də Amerika tərəfi ilə danışırıq” deyib.

Türkiyənin prioritetinin gərginliyin daha da artmasının qarşısını almaq olduğunu vurğulayan Fidan “Son günlərdə müharibənin ən şiddətli anlarını yaşadıq. Məsələ müzakirə ehtimalının nə olduğu və bunun nə dərəcədə mümkün olduğudur. Bu müharibə bir an əvvəl sona çatmalıdır” deyib.

Qeyd edək ki, ünaqişə 28 fevralda ABŞ və İsrailin İrana qarşı birgə hava hücumu başlatması ilə baş verib. Bundan sonra Tehran İsrail, İordaniya, İraq və bölgədə ABŞ hərbi qüvvələrinin olduğu bəzi Körfəz ölkələrini hədəf alan pilotsuz uçuş aparatları və raket hücumları ilə cavab verib.

İran rəsmilərinin məlumatına görə, hücumlarda İran lideri Əli Xamenei və 150-dən çox məktəbli qız da daxil olmaqla, 1 300-dən çox insan həyatını itirib. Bu vəziyyət bölgə daxilindəki gərginliyi daha da artırıb.

Türkiyə İranın qeyri-sabitləşdirilməsinə qarşıdır

Xarici işlər naziri Hakan Fidan münaqişə şəraitində İran daxilindəki fikir ayrılıqlarının istismar edilməsinə yönəlmiş cəhdlərə qarşı da xəbərdarlıq edib. Ankaranın “İranda vətəndaş müharibəsini təhrik etməyi və etnik və ya kövrək olan dini mövzular üzərindən qarşıdurma yaratmağı hədəfləyən hər cür plana qəti şəkildə qarşı” olduğunu söyləyib.

Fidan İranın ərazi bütövlüyünə hörmət edilməli olduğunu vurğulayıb və etnik və ya məzhəb gərginliklərindən istifadə edərək ölkənin sabitliyini pozmağa çalışanlara qarşı xəbərdarlıq edib. O, Ankaranın bu cür cəhdlərə icazə verməyəcəyini qeyd edib.

Regional yayılmanın qarşısının alınması çağırışı

Xarici işlər naziri həmçinin İsrailin Livana qarşı bombardmanlarını davam etdirməsini tənqid edərək, bunun ölkəni süquta sürükləmə riski daşıdığı barədə xəbərdarlıq edib. “Livan dövləti çökmədən əvvəl İsrailin hücumları dayandırılmalıdır”, - deyən Fidan qarşıdurmalar səbəbindən təxminən 1 milyon insanın yurdundan didərgin düşdüyünü qeyd edib.

Livan İran tərəfindən dəstəklənən Hizbullahın ABŞ-İsrail hücumlarında Xameneinin öldürülməsindən sonra İsrailə hücumlar təşkil etməsi ilə müharibəyə daxil edilib.

Almaniya xarici işlər naziri Vadepul da gərginliyin daha da artmasının qarşısının alınmasının təxirəsalınmaz olduğunu vurğulayıb və beynəlxalq birliyi regional təhlükəsizlik quruluşlarının müzakirə etməyə çağırıb.

Ərdoğandan atəşkəs və diplomatiya çağırışı

Prezident Rəcəb Tayyib Ərdoğan da gərginliyin azaldılması çağırışını təkrarlayaraq, tərəflərin yenidən müzakirə masasına qayıtması üçün Ankaranın intensiv səylər göstərdiyini bildirib.

Ərdoğan partiyasının TBMM-dəki qrup iclasında Türkiyənin İran mövzusundakı mövqeyinin “aydın” olduğunu qeyd edərək, Ankaranın hər zaman müharibənin deyil, sülhün tərəfdarı olduğunu ifadə edib.

“Biz alovlar daha da böyümədən, atəş çəmbəri daha da genişlənmədən, daha çox can yanmadan və daha çox qan tökülmədən bu yanğını söndürməyə çalışırıq”, - deyə o bildirib.

Ərdoğan, həmçinin Benyamin Netanyahu hökumətini bölgədə qeyri-sabitliyi təhrik etməkdə tənqid edib və gərginliyi daha da artıra biləcək məzhəb əsaslı ritorikaları rədd etdiklərini vurğulayıb: “Bizim ‘Sünni İslam’, ‘Şiə İslam’ deyə bir dinimiz yoxdur. Bizim tək bir dinimiz vardır, o da İslamdır”.

Diplomatiya və regional təhlükəsizlik arasında balans

Münaqişənin şiddətinə baxmayaraq, Türkiyə rəsmiləri dialoqun yenidən başlaması halında diplomatik həllin hələ də mümkün olduğu qənaətindədirlər.

Ərdoğan Ankaranın diplomatiyanın canlandırılması üçün səbirlə çalışdığını bildirərək, Yaxın Şərq daxilində səhnəyə qoyulan “qanlı ssenarilərə” qarşı xəbərdarlıq edib.

Türkiyə rəhbərliyi müharibənin daha geniş regional yanğına çevrilməsinin qarşısını almağa çalışan əsas diplomatik aktorlardan biri kimi mövqeyini qoruyur.