V.Zelenski müharibənin dördüncü ilində Ukrayna üçün sülh və ədalət vədi verib

Ukrayna prezidenti bildirib ki, Ukraynada ədaləti təmin etmək üçün mümkün olan hər şeyi ediləcək

By
V.Zelenski müharibənin dördüncü ilində Ukrayna üçün sülh və ədalət vədi verib / REUTERS

Ukrayna prezidenti Volodimir Zelenski Rusya ilə davam edən müharibənin dördüncü ildönümünü anaraq, Ukraynada sülhü və ədaləti təmin etmək üçün hər şeyi etmək vədi verib.

V.Zelenski fevralın 24-də “Telegram” vasitəsilə yaydığı açıqlamada deyib: “Dördüncü ili tamalanan müqavimətimiz Ukraynanın bu qədər vaxt ərzində necə mübarizə apardığı barədə çox şeyi əks etdirir. Bu sözlərin arxasında milyonlarla insanımız, böyük bir cəsarət, inanılmaz dərəcədə böyük əmək, dözümlülük və Ukraynanın 24 fevraldan bəri qət etdiyi uzun yol var.”

V.Zelenski bu müddət ərzində ukraynalıların müstəqilliklərini müdafiə etməyə və dövlət strukturlarını qorumağa nail olduqlarını qeyd edərək deyib: “Ukraynanı qoruduq və sülhü, ədaləti təmin etmək üçün hər şeyi edəcəyik. Ukraynanın müdafiə sənayesi qələbə əldə etmək üçün çalışır.”

Müharibənin ildönümü ilə bağlı açıqlamada Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov fikir bildirərək deyib: “Ukraynanın müdafiə sənayesi qələbə üçün çalışır. Texnologiya döyüş meydanındakı vəziyyəti dəyişir. Ukrayna ədalətli və dayanıqlı sülh üçün çalışır. Həm də təkcə formal olaraq yerinə yetirilən prosedurlar üçün deyil, konkret nəticələr üçün çalışır.”

Kiyev hakimiyyəti ildönümü çərçivəsində Avropa Şurasının prezidenti Antonio Kosta, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen, həmçinin Xorvatiya, Latviya, Estoniya, İslandiya, Danimarka, İsveç və Norveçin baş nazirləri də daxil olmaqla, bir çox yüksək vəzifəli beynəlxalq nümayəndəni qəbul edib.

Tədbirlərdə Finlandiya Prezidenti, Litvanın müdafiə naziri və Polşanın xarici işlər naziri də iştirak edib.

Bundan başqa, onlayn formatda “Könüllülər Koalisiyası”nın iclasının, eləcə də “Ukrayna – Skandinaviya və Baltik ölkələri” sammitinin keçirilməsi planlaşdırılır.

 

Müharibə ilə bağlı rəsmi Moskvanın mövqeyi

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın “xüsusi hərbi əməliyyatı”nın Donbas bölgəsindəki mülki əhalini qorumağa yönəlmiş “məcburi addım” olduğunu dəfələrlə qeyd edib. M.Zaxarova Ukrayna ordusunun 2022-ci ilin fevralınadək bölgədə 13.500 mülki şəxsi öldürdüyünü iddia edib.

M.Zaxarova 2021-ci ildə gərginliyin artmasının qarşısını almaq məqsədilə Rusiyanın Qərbdən, NATO-nun şərqə doğru genişlənməməsi və hərbi infrastrukturun 1997-ci ildəki konfiqurasiyasına qaytarılması da daxil olmaqla, rəsmi Moskvaya hüquqi təhlükəsizlik təminatlarının verilməsini tələb etdiyini, lakin bu tələbin görməzdən gəlindiyini bildirib.

Həmçinin M.Zaxarova V.Zelenskinin 2022-ci ilin fevralında səsləndirdiyi nüvə silahı əldə etmək istəyi barədə fikirlərinin ciddi narahatlıq doğurduğunu da vurğulamışdı.