Aİ Ukraynanın müdafiəsi üçün ikiillik maliyyə planı razılaşdırdı
105 milyard dollarlıq kredit qərarı rəsmi Kiyevin müdafiə və büdcə sabitliyi üçün kritik addım kimi qiymətləndirilir
Aİ liderləri dekabrın 19-da Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməmək qərarına gəliblər. Bunun əvəzinə, Ukraynanın Rusiyaya qarşı müdafiəsini qarşıdakı iki il ərzində maliyyələşdirmək üçün nağd borclanma yolunu seçiblər. Beləliklə da, Kiyev rəhbərliyinin Rusiyanın vəsaiti hesabına maliyyələşdirilməsini nəzərdə tutan misli görünməmiş planla bağlı fikir ayrılıqları aradan qaldırılıb.
Rəsmi Moskva bu qərarı hüquqi və siyasi qələbə kimi təqdim edərkən, Kiyev hökuməti ayrılan vəsaiti müdafiə və büdcə sabitliyi üçün həyati əhəmiyyət daşıyan təminat kimi qarşılayıb.
Məsələylə bağlı Rusiya prezidenti Vladimir Putinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenə istinad edərək “X” platformasında paylaşım edərək deyib: “Hüquq və sağlam düşüncə qalib gəldi. Uğursuz Ursula rəhbərliyindəki Aİ-nin müharibə təhrikçilərinə böyük zərbə dəydi. Aİ daxilində sağlam düşüncə səsləri Ukraynanı maliyyələşdirmək üçün Rusiya ehtiyatlarının qanunsuz istifadəsinin qarşısını aldı.”
Digər tərəfdən, V.Zelenski ölkənin qarşıdan gələn büdcə kəsirlərinin aradan qaldırılması üçün ayrılan kreditə görə Aİ-yə təşəkkür edib və bunun rəsmi Kiyevin müdafiəsini “həqiqətən gücləndirdiyini” vurğulayıb. O, “X” platformasındakı paylaşımında deyib: “Bu müqavimətimizi real şəkildə gücləndirən mühüm dəstəkdir. Rusiya aktivlərinin məhdudlaşdırılması və Ukraynanın qarşıdakı illər üçün maliyyə təhlükəsizliyi zəmanəti əldə etməsi böyük əhəmiyyət daşıyır”.
Qeyd edək ki, rəsmi Kiyev üçün maliyyə vəsaitinin tapılması son dərəcə vacib idi, çünki Aİ-nin maliyyə yardımı olmasaydı, Ukraynanın gələn ilin ikinci rübündə maliyyə resursları tükənmiş olacaqdı.
Həmçinin Aİ-nin bu qərarı, ABŞ prezidenti Donald Trampın Rusiya ilə Ukrayna arasında təxminən dörd ildir davam edən müharibəyə sürətli diplomatik həll çağırışları etdiyi bir şəraitdə, Ukrayna üçün kritik əhəmiyyət daşıyır.